BAKl, 30 iyul. TELEQRAF

Milli Məclisin sədri Sahibə Qafarova iyulun 30-da İsveçrənin Cenevrə şəhərində keçirilən Parlament Sədrlərinin 6-cı Dünya Konfransının ikinci günündə ümumi müzakirələrə sədrlik edib.

Bu barədə Teleqraf-a Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Müzakirələrdə 30-a yaxın ölkənin parlament sədrləri çıxış ediblər.

Sonra müzakirələr Çinin Ümumçin Xalq Nümayəndələri Məclisinin Daimi Komitəsinin sədri Jao Lejinin sədrliyi ilə davam edib.

Qeyd edək ki, Parlament Sədrlərinin 6-cı Dünya Konfransı Birləşmiş Millətlər Təşkilatının Cenevrə ofisində BMT və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə keçirilir. Konfransda ümumilikdə 120 nümayəndə heyəti, o cümlədən 102 ölkənin parlament sədrləri, 38 ölkənin vitse-spikerləri, həmçinin, Parlamentlərarası İttifaqın əməkdaşlıq etdiyi beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.