BAKI, 10 iyul. TELEQRAF
Türk Mədəniyyəti və İrsi Fondunun mərkəzində Fondun aparat rəhbəri Fəxri Hacıyevin müəllifi
olduğu “Azərbaycan–Gürcüstan münasibətləri (1918–1922-ci illər)” adlı kitabın təqdimat mərasimi keçirilib.
Teleqraf xəbər verir ki, kitabda Azərbaycan Xalq Cümhuriyyəti və Gürcüstan Demokratik Respublikasının
mövcud olduqları dövrdə iki qonşu dövlət arasında diplomatik və siyasi münasibətlərin
tarixi araşdırılır, arxiv sənədlərinə və dövrün mətbuat materiallarına əsaslanan yeni
yanaşmalar təqdim olunur.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova açılış nitqində kitabın xalqlar arasında mədəni əlaqələrin gücləndirilməsinə, dostluq münasibətlərin dərinləşməsinə töhfə verdiyini qeyd edib:
"Azərbaycan və Gürcüstan əsrlər boyu qarşılıqlı hörmətə və strateji tərəfdaşlığa əsaslanan möhkəm qonşuluq münasibətləri nümayiş etdirir. Onların diplomatik əlaqələrinin tarixi tədqiqi regionun ümumi tarixi və mədəni ənənələrini daha dərindən anlamağa imkan yaradır.
2012-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və Qazaxıstan, Qırğızıstan və Türkiyə Dövlət Başçılarının dəstəyi ilə yaradılan Fondumuz Türk dünyasının zəngin mədəniyyəti və irsinin öyrənilməsi və beynəlxalq arenada təbliği istiqamətində fəaliyyət göstərir".
Aktotı Raimkulova fondun gələcək planlarından da danışıb: “Türk Dünyası – 2040” strateji sənədi və “TURKTIME” proqramı çərçivəsində Türk dünyasının mədəni irs kataloqu hazırlanır. Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyevin tapşırığı ilə çoxdilli və çoxcildli Türk folkloru antologiyası nəşr ediləcək. Bununla yanaşı Azərbaycanda Füzuli rayonunun Qoçəhmədli kəndində qədim məscidin bərpası və “Aşıq Ələsgərdən Üzeyir Hacıbəyliyə – Türk Dünyasının Mədəni Kodları” adlı simpoziumun keçirilməsi planlaşdırılır. 2025-ci ilin dekabrında isə UNESCO-nun mənzil-qərargahında dahi Azərbaycan memarı Əcəmi Naxçıvaninin anadan olmasının 900 illiyinə həsr olunmuş tədbir təşkil olunacaq".
Fondun aparat rəhbəri Fəxri Hacıyev isə vurğulayıb ki, Gürcüstan ilə Türk Dövlətləri arasında hər zaman yüksək siyasi və mədəni əlaqələr mövcud olub.
Tədbirdə Azərbaycand akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, dövlət rəsmiləri, elm, mədəniyyət və ictimai-siyasi xadimlər, beynəlxalq təşkilat rəhbərləri iştirak ediblər.