XANKƏNDİ, 4 iyul. TELEQRAF

"100 milyardlıq ticarət hədəfimizi daha da genişləndirməliyik. Təşkilatın iqtisadi iş birliyinin 2035 sənədi bizim üçün yol hədəfi olacaq. "ECO baxışları 2035" sənədi ticari əməkdaşlığımızı genişləndirməlidir".

Teleqraf-ın Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündəki çıxışında deyib.

Prezident əlavə edib ki, turizm məsələsində də əməkdaşlıq bizim üçün vacibdir:

"Şuşanın 2026-cı il Turizm paytaxtı seçilməsindən dolayı İlham Əliyev başda olmaqla Azərbaycanı təbrik edirəm".

Ərdoğan regiondakı vəziyyətdən də bəhs edib:

"İsrailin mövcud hakimiyyəti bölgəmizi təhdid edir. Qəzzadakı qətliamın dayandırılması yönündə çalışmalıyıq. İrana qarşı hücumlar qəbuledilməzdir. Tərəflər arasında atəşkəsin davamlı olmasını istəyirik. Biz Fələstin davasını tərk edə bilərik. Beynəlxalq cəmiyyətin maddi cəhətdən bölgə üçün əməkdaşlığı önəmlidir. Bundan başqa, əfqan xalqının dirçəlməsi üçün dəstək olmalıyıq. Keçən günlərdə Pakistanda baş verən terrora görə başsağlığı verirəm. Həmçinin ŞKTC-n Prezidenti Ersin Tatarı da aramızda görməkdən məmnunam. ŞKTC ilə əlaqələri genişləndirməliyik. Üzv ölkələr idmandan mədəniyyətə, siyasətdən iqtisadiyyata ŞKTC ilə əməkdaşlığı artıracağına inanıram".