BAKI, 4 iyul. TELEQRAF.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xankəndi şəhərində səfərdədir.

Teleqraf xəbər verir ki, o, İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak edir. Prezident İlham Əliyev Zirvə görüşünün keçirildiyi Xankəndi Konqres Mərkəzində Rəcəb Tayyip Ərdoğanı qarşılayıb.

***

12:07

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 4-də Azərbaycan Respublikasına səfərə gəlib.

Teleqraf xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.

***

09:59

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşüb.

Teleqraf xəbər verir ku, səfərdə məqsəd İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin dövlət və hökumət başçılarının Xankəndi şəhərində keçiriləcək 17-ci Zirvə görüşündə iştirak etməkdir.

Zirvə görüşünün əsas mövzusu “Dayanıqlı və İqlim Dəyişikliyinə Davamlı Bir Gələcək Naminə Yeni İqtisadi Əməkdaşlıq Təşkilatı Vizyonu” olacaq.

Sammitdə iqlim dəyişikliyi, ticarət, nəqliyyat şəbəkələri və təşkilat daxilində islahatlar müzakirə olunacaq, üzv ölkələr arasında əməkdaşlıq haqqında fikir mübadiləsi aparılacaq.

Xatırladaq ki, ECO 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılıb. Təşkilat 10 ölkədən ibarətdir, bir müşahidəçi üzvü var. Təşkilata Azərbaycan, Türkiyə, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Özbəkistan, Tacikistan və Türkmənistan daxildir. Şimali Kipr Türk Cümhuriyyəti ECO-da müşahidəçi statusunda çıxış edir.

Azərbaycan təşkilata 1992-ci ildə qoşulub.

ECO 1993-cü ildə BMT Baş Assambleyasının 48-ci sessiyasında BMT-də, 1994-cü ildə isə İslam Təşkilatı Konfransında müşahidəçi statusu alıb.