BAKI, 4 iyul. TELEQRAF
Tacikistan Prezidenti Emoməli Rəhmon İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 4-də Füzuli rayonuna gəlib.
Teleqraf xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Emoməli Rəhmonu elm və təhsil naziri Emin Əmrullayev, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.
Xatırladaq ki, ECO 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılıb. Hazırda təşkilatda 10 ölkə təmsil olunur, bir müşahidəçi üzvü var. Təşkilata Azərbaycan, Türkiyə, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Özbəkistan, Tacikistan və Türkmənistan daxildir. Şimali Kipr Türk Cümhuriyyəti ECO-da müşahidəçi statusunda çıxış edir.
Azərbaycan təşkilata 1992-ci ildə qoşulub.
ECO 1993-cü ildə BMT Baş Assambleyasının 48-ci sessiyasında təşkilat BMT-də, 1994-cü ildə isə İslam Təşkilatı Konfransında müşahidəçi statusu alıb.