ŞUŞA, 2 iyul. TELEQRAF
"Qazaxıstan və Azərbaycan arasında ticarət-iqtisadi münasibətlər pozitiv istiqamətdə inkişaf etməkdə davam edir".
Teleqraf-ın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə “Atameken” Milli Sahibkarlar Palatası yanında Qazaxıstan Beynəlxalq Ticarət Palatasının Aparat rəhbəri Assan Çakişev Şuşada keçirilən 6-cı İƏT Biznes Forumu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlığın əsas istiqamətləri qida sənayesi, aqrar-sənaye kompleksi və energetika sahələridir.
“Bu sahələr tarixi olaraq ölkələrimiz arasında iqtisadi münasibətlərin əsasını təşkil edir. Eyni zamanda, informasiya texnologiyaları kimi yeni istiqamətlərə marağın artdığını da müşahidə edirik”, – o qeyd edib.
Çakişev vurğulayıb ki, rəqəmsal həllər dövlət qurumlarının fəaliyyətini əhəmiyyətli dərəcədə sadələşdirir və vətəndaşların həyat keyfiyyətini artırır: “Əminəm ki, bu sahədə ölkələrimiz arasında tərəfdaşlığın dərinləşdirilməsi üçün geniş imkanlar mövcuddur”.