ŞUŞA, 2 iyul. TELEQRAF
"Yaşıl enerji Azərbaycanın yeni inkişaf vizyonunun mərkəzində dayanır".
Teleqraf-ın Şuşaya ezam olunmuş eməkdaşı xəbər verir ki, bu barədə Azərbaycan iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev bu gün Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Biznes Forumunda çıxışı zamanı bildirib.
“Məqsədimiz aydındır - 2030-cu ilə qədər elektrik enerjimizin 30%-ni bərpaolunan mənbələrdən əldə etmək. Geniş günəş, hidro və dəniz küləyi potensialına sahib olan Azərbaycan, o cümlədən təxminən 157 giqavat külək enerjisi potensialı ilə regionun təmiz enerjiyə keçidinə liderlik etmək üçün əlverişli mövqedədir”,- o qeyd edib.
Nazir müvini əlavə edib ki, bu yöndə artıq konkret addımlar atılır: "Əsas regional layihələrdən biri Azərbaycanın Avropa bazarlarına bərpaolunan enerji ötürməsini nəzərdə tutan Xəzər-Qara Dəniz Yaşıl Enerji Dəhlizidir. Bununla paralel olaraq, biz Qazaxıstan və Özbəkistanla İƏT çərçivəsində genişmiqyaslı çoxtərəfli yaşıl enerji təşəbbüsü vasitəsilə əməkdaşlığımızı dərinləşdiririk. Beynəlxalq maliyyə institutlarının dəstəyi və milli enerji şəbəkə operatorlarının koordinasiyası ilə 2024-cü ilin dekabrında “Yaşıl Dəhliz” adlı birgə müəssisə yaradılıb. Bu layihə miqyaslana bilən, sərhədlərarası elektrik ticarəti və Avropanın enerji sisteminə daha geniş inteqrasiyanın güclü təməlini qoyur. Bu, İƏT ölkələrinin birlikdə dayanıqlı və qarşılıqlı faydalı nəticələr əldə edə bilməsinin nümunəsidir".