“Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”nın təsdiq edilib.

Teleqraf xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Fəaliyyət Planında qeyd olunub ki, 2018-ci ildə Azərbaycanda peşə hazırlığının səmərəliliyinin artırılması və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanması məqsədilə peşə təhsili sahəsində dövlət siyasətinin prinsiplərini, peşə təhsili və təlimi sisteminin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edən “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Həmin Qanuna əsasən, “Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrinin Nümunəvi Nizamnaməsi” və “Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində və xüsusi peşə təhsili müəssisələrində tətbiq edilən dövlət peşə təhsili standartları” təsdiq olunub.

Vurğulanır ki, son dövrlərdə əmək bazarında ixtisaslı işçilərə tələbat artır. Cəzaçəkmə müəssisələrində cəzaçəkən məhkumların (bundan sonra – məhkumlar) müvafiq bilik və bacarıqlarla təmin edilərək əmək bazarında mövcud olan vakansiyalara yönəldilməsi həmin şəxslərin yenidən hüquqpozmalara meyilliyini aradan qaldırmaqla yanaşı, əmək bazarının da inkişafına töhfə vermiş olacaq.