BAKI, 23 iyun. TELEQRAF
Azərbaycan Suriyada baş verən dəhşətli terror aktını qəti şəkildə pisləyir.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.
"Bu mənasız zorakılıq aktı nəticəsində həyatını itirənlərin ailələrinə və təsirlənən bütün insanlara dərin hüznlə başsağlığı veririk. Biz Suriyanın hökuməti və xalqı ilə həmrəy olduğumuzu bildirir, ekstremizmə qarşı birlik və həmrəylik çağırışı edirik",- paylaşımda deyilir.
Qeyd edək ki, Suriyanın paytaxtı Dəməşq şəhərinin Duveyla bölgəsindəki yunan pravoslav kilsəsində terror aktı baş verib.
Hadisə nəticəsində 22 nəfər ölüb, 59 nəfər isə yaralanıb.
Suriya Daxili İşlər Nazirliyi isə bildirib ki, İŞİD-in üzvü olan terrorçu-kamikadze kilsədə özünü partladıb.