BAKI, 3 iyun. TELEQRAF
"Afrika mənşəli insanlar uzun əsrlər boyu kolonializm, transatlantik kölə ticarəti və imperializmin ağır nəticələrinə məruz qalıblar".
Teleqraf xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Afrika Əsilli Xalqların Daimi Forumunun (PFPAD) üzvü Pastor Martinez bu gün Bakıda “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda keçirilən beynəlxalq elmi konfransda çıxışı zamanı bildirib.
"Bu tarixi ədalətsizliklərin və istismarın dərin izləri bu gün də onların həyatında öz təsirini göstərməkdə davam edir. Tarixdə baş vermiş bu proseslər təkcə keçmişdə qalmayıb onların nəticələri bu gün də cəmiyyətlərimizin sosial, iqtisadi və mədəni strukturlarında hiss olunur.
Hazırkı dövrdə isə yeni və mürəkkəb çağırışlarla üz-üzə qalmışıq. Bunlara miqrasiya böhranı, irqi ayrı-seçkilik, irqi nifrət zəminində törədilən zorakılıqlar, ksenofobiya, iqlim dəyişikliyinin doğurduğu ciddi fəsadlar, enerji keçidinin ədalətsizliyi və süni intellektin mənfi, qeyri-etik istifadəsi daxildir. Bu çağırışlar xüsusilə tarixən haqsızlığa məruz qalmış icmalar üçün daha ağır nəticələr doğurur və onların gələcək inkişaf imkanlarını məhdudlaşdırır", - Martinez deyib.
O vurğulayıb ki, Bakıda keçirilən bu konfrans haqsızlığa qarşı həmrəyliyin gücləndirilməsi və tarixi ədalətin bərpası yolunda atılan əhəmiyyətli bir addımdır.