BAKI, 27 may. TELEQRAF
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) ilə İnsan Qardaşlığının Ali Komitəsi arasında görüş keçirilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən Teleqraf-a bildirilib ki, “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində təşkil olunan görüşdə tərəflər arasında gələcək əməkdaşlıq müzakirə olunub.
BBMM-in icraçı direktoru Rəvan Həsənov mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verib. Azərbaycandakı multikultural və tolerant mühit, dövlət başçısı İlham Əliyev tərəfindən həyata keçirilən multikulturalizm siyasəti, eləcə də Azərbaycan multikulturalizm modeli haqda məlumat verib.
Azərbaycanda multikultural dəyərlərin əsrlərdən bəri önəmli yer tutduğunu, burada müxtəlif xalqların və mədəniyyətlərin nümayəndələrinin heç bir ayrı-seçkiliyə məruz qalmadan yaşadıqlarını diqqətə çatdırıb. O, BBMM-in fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında da danışıb. Azərbaycan multikulturalizminin xarici ölkələrin nüfuzlu ali məktəblərində tədrisi, Beynəlxalq Multikulturalizm Məktəbləri, eləcə də, ölkəmizdəki milli və dini icmalarla iş, hazırlanan nəşrlər haqda ətraflı məlumat verib.
İnsan Qardaşlığının Ali Komitəsinin baş katibi Xalid Əl Qait bildirib ki, komitə 2019-cu ildə yaradılıb, qarşılıqlı anlaşma, əməkdaşlıq və həmrəylik üçün qlobal platforma kimi fəaliyyət göstərir. O vurğulayıb ki, insanlar arasında tolerantlıq, qarşılıqlı anlayış və qardaşlıq prinsiplərinin təbliği cəmiyyətin rifahı və gələcəyi üçün əsas şərtlərdən biridir: “İnanıram ki, bu istiqamətdə gələcək əməkdaşlığımız uğurlu olacaq, harmonik dünya, qarşılıqlı əməkdaşlıq üçün birgə layihələr həyata keçirəcəyik”.
Baş katibi görüş üçün təşəkkürünü bildirib.