BAKI, 26 may. TELEQRAF

"İslamofobiya yeni yaranmış bir problem deyil, bu uzun illərdir sistemli şəkildə baş verən bir prosesdir. Sadəcə, son zamanlar müsəlmanlara qarşı nifrət nitqinin artması bu problemi daha da görünən və təhlükəli edib".

Teleqraf xəbər verir ki, bunu Portuqaliya KAICIID-in İcraçı Baş katibi Antonio De Almeday-Ribeiro “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda baş tutan “İslamafobyada Qlobal Meyillər: Çağırışlar və Cavablar” panel müzakirəsində deyib.

O bildirib ki, bu nifrət çağırışlarını, xüsusilə onlayn platformalarda açıq şəkildə müşahidə etmək mümkündür:

"Bir çox müsəlmanlar xarici ölkələrdə müxtəlif çətinliklərlə üzləşirlər - bu, yaşadıqları yerə ev tapa bilməməkdən tutmuş, iş imkanlarında ayrı-seçkiliklə qarşılaşmağa qədər uzanır. Bu cür hallar isə açıq şəkildə demokratiya prinsiplərinə ziddir və insan hüquqlarının pozulması deməkdir.

Bu vəziyyətin aradan qaldırılması üçün siyasi və dini liderlərin bir araya gəlməsi, əməkdaşlıq etməsi və bütün cəmiyyətlərdə ayrı-seçkiliyə son qoymaq üçün birgə səylər göstərməsi vacibdir. Yalnız birlikdə, dialoq və qarşılıqlı hörmət əsasında bu kimi qlobal problemlərin həlli mümkündür".