BAKI, 26 may. TELEQRAF
"Ermənistanda azərbaycanlılara məxsus islami abidələrin məqsədli şəkildə dağıdılması və məhv edilməsi islamofobiyanın bariz nümunəsidir".
Teleqraf xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Bakıda “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda keçirilən beynəlxalq elmi konfransın açılış mərasimində deyib.
Şeyxülislam bildirib: "Bu cür vandalizm aktları yerli hakimiyyətin səssiz razılığı və bəzən birbaşa iştirakı ilə həyata keçirilir. Təəssüflə qeyd etmək lazımdır ki, belə əməlləri törədənlər heç bir cəzaya məruz qalmır, əksinə, beynəlxalq təşkilatlar tərəfindən də bəzən müdafiə olunurlar və haqsız tərəfi haqlı kimi göstərirlər.
Bu, yalnız islamofobiya deyil, həm də tarixi-mədəni irsin açıq şəkildə təhrif və məhv edilməsidir. Beynəlxalq ictimaiyyət belə hallara laqeyd yanaşmamalı, bu cür təxribatları törədənlərə qarşı ciddi tədbirlər görülməlidir".