BAKI, 26 may. TELEQRAF
Bu gün Bakıda keçirilən “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq elmi konfransın ilk günü uğurla yekunlaşıb.
Teleqraf xəbər verir ki, tədbirin açılış mərasimində Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi, Baş katibin müavini Migel Anxel Moratinos və digər yerli və beynəlxalq rəsmi şəxslər iştirak ediblər.
Konfrans çərçivəsində bir neçə mövzu ətrafında panel müzakirələri keçirilib. “İslamofobiyada qlobal trendlər: Çağırışlar və cavablar”, “Siyasətdə müsəlmanlara qarşı nifrət: Hüquqi çərçivələr və vəkillik strategiyaları”, “Fərqli kontekstlərdə islamofobiya: Regional perspektivlər”, “İslamofobiya media və rəqəmsal platformalarda: Süni intellektin rolu”, “Qadınlar, kimlik və stereotiplər” kimi başlıqlar ətrafında mütəxəssislər fikir mübadiləsi aparıblar.
Panel müzakirələri zamanı islamofobiyanın təkcə bu gün üçün deyil, həm də gələcək nəsillər üçün ciddi təhdid olaraq qalacağı vurğulanıb. Ekspertlər qeyd ediblər ki, bu cür diskriminasiya formaları təkcə fərdlərə qarşı deyil, həm də bütövlükdə cəmiyyətlərə və mədəniyyətlərarası dialoqa zərər vurur. Müzakirələrdə islamofobiyanın kökləri, yaranma səbəbləri, hüquqi mexanizmlər və onunla mübarizə yolları geniş şəkildə təhlil olunub.
Xüsusilə media və süni intellektin islamofobiyaya təsiri, stereotiplərin necə formalaşdığı və bunun qarşısının alınması yolları diqqət mərkəzində olub. Qadınların islamofobiyanın hədəfi olaraq daha çox sosial və mədəni çətinliklərlə üzləşdiyi də vurğulanıb.
Tədbir Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə keçirilir. Konfrans İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 3-cü ildönümünə həsr olunub.
***
09.22
Bakıda “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq elmi konfrans başlayıb.
Teleqraf xəbər verir ki, tədbirin açılış mərasimində Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, Birləşmiş Millətlər Təşkilatının Ali nümayəndəsi, Baş katibin müavini Migel Anxel Moratinos və digər rəsmi şəxslər iştirak edirlər.
Konfransa 40-a yaxın ölkəni təmsil edən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri qatılıblar.
Tədbir Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə keçirilir. Konfrans İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 3-cü ildönümünə həsr olunub.
***
08:20
Bu gün Bakıda “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq elmi konfrans başlayır.
Teleqraf xəbər verir ki, tədbir Beynəlxalq Multikulturalizm Mərkəzi (BMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Bakı Təşəbbüs Qrupunun (BTQ) birgə təşkilatçılığı ilə keçirilir.
Tədbirin məqsədi islamofobiya ilə bağlı beynəlxalq və milli səviyyədə müşahidə olunan narahatedici tendensiyaların müzakirəsi və bu istiqamətdə elmi yanaşmaların ortaya qoyulmasıdır.
Konfransda 40-a yaxın ölkədən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər. Ümumilikdə tədbirə 100-dən çox xarici qonaq qatılır.
Konfrans çərçivəsində “İslamofobiyada qlobal trendlər: Çağırışlar və cavablar”, “Siyasətdə müsəlmanlara qarşı nifrət: Hüquqi çərçivələr və vəkillik strategiyaları”, “Fərqli kontekstlərdə islamofobiya: Regional perspektivlər”, “İslamofobiya media və rəqəmsal platformalarda: Süni intellektin rolu”, “Qadınlar, kimlik və stereotiplər”, “Avropada müsəlmanlara qarşı qanunvericiliyin institusionallaşdırılması”, “İslam mədəni irsinin qorunması” və “Gənclərin inklüzivliyə çağırışı” mövzularında panel müzakirələri aparılır.
Konfransın xarici tərəfdaşları arasında G20 Dinlərarası Forumu (IF20), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), ICESCO, Doha Beynəlxalq Dinlərarası Dialoq Mərkəzi (DICID), İnsan Qardaşlığının Ali Komitəsi, Müsəlman Ağsaqqallar Şurası, Almaniya Müsəlmanlarının Mərkəzi Şurası, EULEMA – Avropa Müsəlman Liderləri Məclisi və Beynəlxalq Müsəlman Forumu yer alır.