​BAKI, 25 may. TELEQRAF

Mayın 25-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ukrayna xarici işlər naziri Andriy Sıbiqanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı Azərbaycan və Ukrayna arasında dostluq və tərəfdaşlıq münasibətlərinə əsaslanan əməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın inkişafı imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan və Ukrayna arasında tarixən bir-birinin ərazi bütövlüyü və suverenliyinə göstərilən ardıcıl dəstəyi vurğulayan nazir Ceyhun Bayramov, dövlətlər arasında beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına hörmət əsasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

İki ölkə arasında müxtəlif sahələrdə ikitərəfli iqtisadi əlaqələrin inkişafı perspektivlərinin olduğunu qeyd edən tərəflər, Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumət Komissiyasının işinin əməkdaşlığın inkişafı baхımından mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.

Tərəflər, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edərək, bu kontekstdə qarşılıqlı maraq doğuran mövzular üzrə fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov postmünaqişə dövründə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və quruculuq işləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı son vəziyyət, Ermənistanın bu prosesdə yaratdığı maneələr barədə qarşı tərəfi məlumatlandırıb.

Ukrayna xarici işlər naziri öz növbəsində Azərbaycan tərəfindən Ukraynaya göstərilən humanitar yardımlar, o cümlədən münaqişədən zərər çəkmiş ərazilərdə bərpa və yenidənqurma, eləcə də humanitar minatəmizləmə sahəsində dəstəyi yüksək qiymətləndirib. Nazir Andriy Sıbiha 28 may - Müstəqillik Günü münasibətilə Azərbaycan xalqına təbriklərini çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

***

12:27

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və ukraynalı həmkarı Andrey Sibiqa arasında təkbətək görüş başa çatıb.

Teleqraf xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Hazırda tərəflər arasında geniştərkibli görüş keçirilir.

Danışıqlar siyasi və iqtisadi əməkdaşlıq, ticarət, enerji, nəqliyyat əlaqəliliyi və davam edən humanitar əməkdaşlıq məsələlərini əhatə edir.

Nazirlər həmçinin beynəlxalq və regional təhlükəsizlik vəziyyətini müzakirə edirlər.

***

11:40

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan Ukraynanın xarici işlər naziri Andrey Sibiqanı qarşılayıb.

Teleqraf xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Hazırda tərəflər arasında təkbətək görüş keçirilir.

Görüşdə iki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri, regional əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunur.