BAKI, 23 may. TELEQRAF
İslamofobiya bu gün qlobal miqyasda ciddi narahatlıq doğuran problemlərdən birinə çevrilib.
Teleqraf xəbər verir ki, bu barədə Beynəlxalq Multikulturalizm Mərkəzinin (BMM) icraçı direktoru Rəvan Həsənov “İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda keçirilən mətbuat konfrasında bildirib.
Rəvan Həsənov islamafobiya tendensiyasının son illərdə güclənməsindən vurğulamışdır: "Xüsusilə bəzi ölkələrdə müsəlman icmalarına qarşı ayrı-seçkilik, mənəvi təzyiqlər və zorakılıq hallarının artması, onların cəmiyyətin aşağı təbəqəsi kimi təqdim edilməsi islamofobiyanın nə qədər təhlükəli bir fenomendir olduğunu bir daha göstərir. Belə bir vəziyyətə Azərbaycan dövləti laqeyd qala bilməzdi. Azərbaycanın təşəbbüsü ilə keçirilən beynəlxalq konfranslar bu qlobal problemin gündəmdə saxlanılması və onunla mübarizə yollarının müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Ölkəmizin bu istiqamətdə atdığı addımlar, verdiyi mesajlar, təkcə İslam dünyası üçün deyil, eyni zamanda insan hüquqlarının, tolerantlığın və sosial ədalətin müdafiəsi üçün universal çağırışdır".
BMM sədri Azərbaycanın multikultural dəyərlərə sadiq ölkə kimi olduğunu qeyd edərək tarixən müxtəlif dinlərin, dillərin və mədəniyyətlərin sülh və qarşılıqlı hörmət şəraitində birgə mövcud olduğu bu torpaqlarda dini və etnik dözümlülük hər zaman əsas prinsiplərdən biri olduğunu bildirmişdir: "Bu gün də Azərbaycan bütün beynəlxalq platformalarda bu mövqeyini açıq şəkildə ifadə edir, multikulturalizmi və dinlərarası dialoqu təşviq edir. Azərbaycanın bu sahədəki fəaliyyəti yalnız daxili siyasətlə məhdudlaşmır, eyni zamanda beynəlxalq əməkdaşlıq və qlobal səviyyədə dialoqun gücləndirilməsi istiqamətində real addımlar atılır".