BAKI, 23 may. TELEQRAF

"Bakı islamafobiyaya qarşı elmi və siyasi mərkəzə çevrilib".

Teleqraf xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev “İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda keçirilən mətbuat konfransında bildirib.

İdarə Heyətinin sədri BMT-nin 2022-ci il Baş Assambleyasında islamofobiyaya qarşı qətnamə qəbul edildiyini xatırladıb: "Buna əsasən, biz 2023-cü ildə islamofobiyaya qarşı beynəlxalq konfrans keçirdik və bu il də konfransı 12 təşkilatın iştirakı ilə təşkil edəcəyik. Bu iki ilin təcrübəsi göstərdi ki, Bakı islamafobiyaya qarşı elmi və siyasi mərkəzə çevrilib".

F.Şəfiyev islamofobiya Azərbaycan-Ermənistan münaqişəsində hiss olunduğunu da bildirib: "Əlbəttə, bu dini münaqişə deyildi, lakin İrəvan müəyyən hallarda dindən istifadə edirdi. Bu yanaşmanın bariz nümunələrindən biri də İrəvanda yerləşən məscidin Azərbaycan xalqına məxsus tarixi-mədəni irs kimi qəbul edilməməsidir”.