BAKI, 22 may. TELEQRAF

"GlobE Şəbəkəsi korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın vacib platformasıdır".

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Baş prokuronun müavini, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov mayın 22-də Bakıda Birləşmiş Millətlər Təşkilatının (BMT) Korrupsiyaya qarşı Mübarizə üzrə Qlobal Əməliyyatlar Şəbəkəsinin (GlobE Network) Altıncı Plenar İclasının bağlanışı zamanı bildirib.

O, GlobE Şəbəkəsinin korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün əhəmiyyətli bir platforma olduğunu vurğulayıb.

Nazim Rəcəbov bildirib: "GlobE Şəbəkəsi, korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlıq baxımından vacibdir. Bu tədbirlər dövlətlər arasında təcrübə mübadiləsini və etimadın gücləndirilməsini təmin edir".

Tədbirin yüksək səviyyədə təşkilinə görə UNODC Katibliyinə və yerli təşkilat komitəsinə təşəkkür edən Nazim Rəcəbov, Azərbaycanın korrupsiyaya qarşı qlobal mübarizəyə töhfəsini davam etdirəcəyini deyib.

Qeyd edək ki, iclasda 100-dən çox çıxış dinlənilib və 20-dən çox paneldə müzakirə aparılıb. 92 ölkədən 120-dən çox dövlət qurumunun nümayəndələri iştirak edib.