TBİLİSİ, 14 may. TELEQRAF

“Gürcüstan və Azərbaycanı sarsılmaz tərəfdaşlıq, ümumi strateji məqsədlər birləşdirir”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonqulaşvili Azərbaycana işgüzar səfərinin yekunlarını şərh edərkən deyib.

Onun sözlərinə görə, iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq regional sabitlik, iqtisadi inkişaf və ətraf mühitin mühafizəsi məsələlərini özündə birləşdirən ümumi gündəliyin ayrılmaz hissəsidir.

Nazir qeyd edib ki, Gürcüstanın “Caspian Agro” sərgisində iştirakının məqsədi ölkənin potensialını geniş auditoriyaya təqdim etmək və ixrac imkanlarının artırılmasıdır.

D.Sonqulaşvili bildirib ki, Azərbaycana səfərinin vacib hissəsi iqlim dəyişiklikləri ilə bağlı müzakirələrin aparılması olub. Qeyd edib ki, Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayevlə görüş mövcud əlaqələrin möhkəmləndirilməsi istiqamətində növbəti mühüm addımdır.