BAKI, 8 may. TELEQRAF

"Aldığımız məlumata görə, Hindistan tərəfindən Azərbaycandan idxal olunan mallara qadağa tətbiq edilib. Bu addımı son dərəcə təəssüf və narahatlıqla qarşılayırıq".

Teleqraf xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin mayın 8-də keçirdiyi mətbuat konfransında deyib.

"Belə bir qərar, iki ölkə arasında mövcud olan iqtisadi və ticarət əlaqələrinə zərbə vurmaqla yanaşı, qarşılıqlı etimadın zədələnməsinə də səbəb ola bilər. Bu isə regionda onsuz da kifayət qədər gərgin olan vəziyyətin daha da ağırlaşmasına gətirib çıxara bilər", - səfir qeyd edib.

Xatırladaq ki, Hindistan-Pakistan münasibətləri aprelin 22-də Kəşmirin Dehlisinin nəzarətində olan hissəsində silahlıların mülki şəxslərə hücumundan sonra gərginləşib. Dehli baş verənlərə görə İslamabadı ittiham edərkən, Pakistan bunu qəti şəkildə rədd edib.

Hindistan mayın 6-dan 7-nə keçən gecə sübuta yetirmədiyi bu ittihamları əsas gətirərək, Pakistan ərazisinə hava zərbələri endirib. Hücum zamanı Pakistanda 31 nəfər mülki şəxs həlak olub, 50-yə yaxın insan yaralanıb. Pakistan cavab olaraq, Hindistanın hərbi hədəflərinə zərbələr endirib. Nəticədə Hindistanın 5 qırıcısı, sərhəddə briqada qərargahı və digər hərbi hədəfləri məhv edilib.