BAKI, 8 may. TELEQRAF
"Azərbaycanın Pakistana sarsılmaz dəstəyini yüksək qiymətləndiririk".
Teleqraf xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin mayın 8-də keçirdiyi mətbuat konfransında deyib.
Diplomat vurğulayıb ki, bu dəstək təkcə siyasi müstəvidə deyil, həm də mənəvi və diplomatik baxımdan onlar üçün böyük əhəmiyyət daşıyır:
"Azərbaycanın beynəlxalq platformalarda nümayiş etdirdiyi prinsipial mövqe və dostluğa əsaslanan münasibəti, tərəfdaşlıq əlaqələrimizin möhkəmlənməsinə və regional sabitliyin qorunmasına mühüm töhfə verir. Bu həmrəylik çətin dönəmlərdə yanımızda olan ölkələrin əsl dost olduğunu bir daha sübut edir".
Q.Mohiuddin Azərbaycan və Türkiyəyə təşəkkür edib: "Bakı və Ankaranın verdiyi dəstək bizim üçün təkcə mənəvi dayaq deyil, eyni zamanda böyük bir güc mənbəyidir. Bu həm qardaşlığımızın təzahürüdür, həm də haqq yolunda bizə göstərilən sarsılmaz həmrəylikdir".
Xatırladaq ki, Hindistan-Pakistan münasibətləri aprelin 22-də Kəşmirin Dehlinin nəzarətində olan hissəsində silahlıların mülki şəxslərə hücumundan sonra gərginləşib. Dehli baş verənlərə görə İslamabadı ittiham edərkən, Pakistan bunu qəti şəkildə rədd edib.
Hindistan mayın 6-dan 7-nə keçən gecə sübuta yetirmədiyi bu ittihamları əsas gətirərək, Pakistan ərazisinə hava zərbələri endirib. Hücum zamanı Pakistanda 31 nəfər mülki şəxs həlak olub, 50-yə yaxın insan yaralanıb. Pakistan cavab olaraq, Hindistanın hərbi hədəflərinə zərbələr endirib. Nəticədə Hindistanın 5 qırıcısı, sərhəddə briqada qərargahı və digər hərbi hədəfləri məhv edilib.