BAKI, 8 may. TELEQRAF
"Hindistanın bölgədə vəziyyəti gərginləşdirmək istiqamətindəki cəhdləri davam edir".
Teleqraf xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin mayın 8-də keçirdiyi mətbuat konfransında deyib.
Diplomat vurğulayıb ki, son günlərdə Hindistan hökumətinin və hərbi qüvvələrinin sərgilədiyi aqressiv ritorika və hərəkətlər, Cənubi Asiya regionunda sülhə və sabitliyə ciddi təhdid yaradır: "Hindistan və Pakistan arasındakı tarixi gərginlik fonunda bu cür addımlar vəziyyətin daha da alovlanmasına səbəb ola bilər".
Onun sözlərinə görə, Hindistan ordusu Pakistandakı mülki hədəflərə zərbələr endirir.
"Hindistan Silahlı Qüvvələri sərhəd bölgələrində yerləşən bir sıra yaşayış məntəqələrini atəşə tutub. Bu hücumlar nəticəsində dinc əhali arasında tələfat və yaralılar olduğu bildirilir. Beynəlxalq hüquqa görə, mülki obyektlərin və əhalinin hədəf alınması ciddi pozuntu sayılır və bu, Hindistanın beynəlxalq arenada tənqid olunmasına səbəb ola bilər", - səfir bildirib.
Xatırladaq ki, Hindistan-Pakistan münasibətləri aprelin 22-də Kəşmirin Dehlinin nəzarətində olan hissəsində silahlıların mülki şəxslərə hücumundan sonra gərginləşib. Dehli baş verənlərə görə İslamabadı ittiham edərkən, Pakistan bunu qəti şəkildə rədd edib.
Hindistan mayın 6-dan 7-nə keçən gecə sübuta yetirmədiyi bu ittihamları əsas gətirərək, Pakistan ərazisinə hava zərbələri endirib. Hücum zamanı Pakistanda 31 nəfər mülki şəxs həlak olub, 50-yə yaxın insan yaralanıb. Pakistan cavab olaraq, Hindistanın hərbi hədəflərinə zərbələr endirib. Nəticədə Hindistanın 5 qırıcısı, sərhəddə briqada qərargahı və digər hərbi strukturları məhv edilib.