​BAKI, 6 may. TELEQRAF

"İranda Azərbaycanın səfirliyinə edilən hücum olduqca acı və qəbuledilməz hadisə idi".

Teleqraf xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin (IPIS) rəhbəri, nazir müavini Səid Xətibzadə bildirib.

Nazir müavini deyib ki, İran məhkəmə hakimiyyətində hökmün icrası üçün zəruri prosedurların başa çatması vacibdir:

"Azərbaycan səfirliyinə edilən hücum hər iki xalq üçün ağır və kədərli bir təcrübə oldu. Sözügedən hadisədən sonra polis və məkhəmə hakimiyyəti tərəfindən geniş istintaq aparıldı. İranın məhkəmə hakimiyyətində hökmün icrası üçün zəruri prosedurların başa çatması lazımdır. Məsələ xüsusi şikayət əsasında tənzimlənir və Azərbaycanın İrandakı səfirliyi bu məsələ ilə maraqlanır. İnanıram ki, ədalət qələbə çalacaq və hökm icra olunacaq".

Qeyd edək ki, 2023-cü il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı silahla mühafizə postunu yararaq mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki mühafizəçisi də hücumun qarşısını alarkən yaralanıb.

İran məhkəməsi Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu edən Yasin Hüseynzadə barəsində edam hökmü çıxarıb.