BAKI, 5 may. TELEQRAF
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva mayın 5-də Azərbaycanda səfərdə olan Mərakeş Krallığının xanım Şahzadəsi Lalla Hasnaa ilə görüşüblər.
Teleqraf xəbər verir ki, görüş zamanı Azərbaycanın mənzil-qərargahı Mərakeşdə yerləşən ISESCO ilə əməkdaşlığına toxunulub, bu il Bakıda ISESCO-nun ölkəmizdə regional ofisinin yaradıldığı vurğulanıb.
Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsi, müsəlman dövlətləri arasında təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verdiyi qeyd olunub.
Söhbət zamanı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Mərakeşə səfəri və bu çərçivədə keçirilmiş görüşlər xatırlanıb. Həmin görüşlərdə Heydər Əliyev Fondunun sosial sahədə fəaliyyəti, uşaqlara qayğı ilə bağlı məsələlərin müzakirə edildiyi vurğulanıb.