BAKI, 1 may. TELEQRAF

"Avropa ölkələrində möcüzə kimi qəbul edirlər ki, ərazi bütövlüyümüzü bərpa etmişik".

Teleqraf xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlil Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev “Konstitusiya - dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasında mühüm hüquqi bazadır” adlı beynəlxalq konfransda deyib.

O bildirib ki, Qəbr ölkələrində Azərbaycan ərazisində xarici ölkələrə məxsus silahlı qüvvələrin olmaması təəccüblü qarşılanır:

"Əsas problemimizi - Qarabağın işğal məsələsini həll etdik. Avropa ölkələrində möcüzə kimi qəbul edirlər ki, ərazi bütövlüyümüzü bərpa etmişik. Onlar hətta təəccüblə bildirirlər ki, ərazinizdə başqa ölkənin ordusu yoxdur".

"Biz müstəqillik əldə edəndə Ermənistanla münaqişəmiz var idi. Bu, bizə çox şeyi öyrətdi. Ordu quruculuğunda, iqtisadiyyatda yüksəliş oldu və 2020-ci ildə Qarabağı azad etdik. Ərazilərimizin işğalının bir neçə səbəbi var idi. Daxildəki qeyri-sabitlik, üçüncü ölkələrin müdaxiləsi və digərləri", - deyə o qeyd edib.

F.Şəfiyev bildirib ki, ölkəmizin qarşısında yeni çağırışlar dayanır:

"Rusiya - Ukrayna müharibəsi, Yaxın Şərqdəki vəziyyət, ABŞ-də yeni administrasiyasının hakimiyyətə gəlməsi yeni çağırışlar meydana gətirib. Bunlar Azərbaycana da təsir edəcək və təbii ki, güclü iqtisadiyyat və siyasət yeni situasiyadan uğurla çıxmağımıza səbəb olacaq".