BAKI, 30 aprel. TELEQRAF

"Azərbaycan yaxın dostu və etibarlı tərəfdaşı olan İsrail ilə münasibətlərin genişlənməsinə xüsusi əhəmiyyət verir".

Teleqraf xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin israilli həmkarı İsxak Hersoqa göndərdiyi təbrik məktubunda yer alıb.

"Bu gün ölkələrimiz iqtisadiyyat, ticarət, müdafiə, humanitar və digər sahələrdə səmərəli qarşılıqlı fəaliyyət göstərirlər. Cari ilin yanvarında Davosda Sizinlə görüşümüzü, apardığımız fikir mübadiləsini və müzakirələri ən xoş təəssüratlarla xatırlayıram. İnanıram ki, Azərbaycan ilə İsrail arasındakı ənənəvi dostluq münasibətləri, bir sıra mühüm sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə qarşıdakı dövrdə də yüksələn xətt üzrə inkişaf edəcək və daha da möhkəmlənəcəkdir", - deyə məktubda qeyd olunub.