BAKI, 4 avqust. TELEQRAF

“Dövlət Proqramı çərçivəsində artıq 2 mindən çox gəncimiz dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. Bu, ilk növbədə dövlətimizin gənclərə olan inamının təzahürüdür. Eyni zamanda, bu, gənclərimizin böyük potensiala və imkanlara malik olduğunu göstərir. Hesab edirik ki, həmin ali təhsil müəssisələrində təhsil alan gənclərimiz vətənə qayıtdıqdan sonra ölkəmizin inkişafına mühüm töhfələr verəcək və uğurları ilə hamımızı sevindirəcəklər”.

Teleqraf xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Həsənli deyib.

O bildirib ki, bu il proqram çərçivəsində xaricdə təhsil almaq üçün 500 tələbə seçilib:

“Onlardan 155-i dünyanın ilk 10 ən nüfuzlu universitetində təhsil alacaq. Bununla yanaşı, digər tələbələrimizin qəbul olunduğu proqramlar da dünya üzrə ən rəqabətli proqramlar sırasındadır. Onların bu proqramlara qəbul olunması Azərbaycanda həm ümumi təhsil, həm də ali təhsil pilləsində, xüsusilə magistratura səviyyəsində aparılan hazırlıq işlərinin yüksək nəticə verdiyini göstərir. Gənclərimiz elə bir səviyyədə hazırlanırlar ki, xaricdə təhsillərini heç bir çətinlik çəkmədən uğurla davam etdirə bilirlər”.