BAKI, 5 iyun. TELEQRAF

Enerji inkişafı ilə ətraf mühitin qorunmasının bir-biri ilə uzlaşaraq həyata keçirilməli olduğuna inanırıq.

Teleqraf xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Ağakərim Səmədzadə Bakıda keçirilən "Ümumdünya Ətraf Mühit Günü" çərçivəsində baş tutan "Metan emissiyalarının azaldılması üçün birgə fəaliyyət: kənd təsərrüfatı, enerji və tullantı sektorunda həllər" adlı sessiyada deyib.

O bildirib ki, 2024-cü il martın 4-də Azərbaycan Qlobal Metan Öhdəliyinə qoşulub və bu, 2030-cu ilə qədər qlobal metan emissiyalarını 2020-ci ilin səviyyəsi ilə müqayisədə 30 faiz azaltmağa yönəlmiş mühüm könüllü öhdəlikdir.

"Bu gün 160-dan çox ölkə, eləcə də Avropa Komissiyası Qlobal Metan Öhdəliyinə qoşulub. Onlar birlikdə emissiyaların azaldılması istiqamətində çalışırlar”, - o, vurğulayıb.

Ağakərim Səmədzadənin sözlərinə görə, günəş və külək enerjisinə yatırılan investisiyalar infrastrukturun müasirləşdirilməsi və emissiyaların azaldılmasına yönəlmiş tədbirlərlə birlikdə daha təmiz və daha dayanıqlı gələcəyin qurulmasına kömək edir.

O bildirib ki, həmçinin, metan emissiyalarının azaldılması iqlim tədbirlərindən kənarda da faydalar gətirir:

"Bu, səmərəliliyi artırır, enerji itkilərini azaldır, havanın keyfiyyətini yaxşılaşdırır və uzunmüddətli iqtisadi dayanıqlılığı dəstəkləyir. Atmosferə buraxılacaq metanı azaltmaq, tutmaq və faydalı şəkildə istifadə etməklə biz ekoloji problemi iqtisadi fürsətə çevirə bilərik.

Ümumdünya Ətraf Mühit Gününü qeyd etdiyimiz bu günlərdə unutmayaq ki, ətraf mühitin qorunması hamımızın ortaq məsuliyyətidir. Hökumətlər, biznes qurumları, elm nümayəndələri və vətəndaş cəmiyyəti fəalları dayanıqlı həllərin təşviq edilməsində və planetimizin qorunmasında mühüm rol oynayırlar.

Birgə əməkdaşlıq, innovasiya və qətiyyət sayəsində biz metan emissiyalarını azalda, iqlim tədbirlərini sürətləndirə və daha sağlam, daha dayanıqlı bir dünyanın qurulmasına töhfə verə bilərik".