BAKI, 25 may. TELEQRAF
Qurban bayramı ilə əlaqədar olaraq hər il qeyri-qanuni, antisanitar yerlərdə heyvanların daşınması, saxlanması, kəsilməsi kimi işlər azalma dinamikası ilə gedir.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Qurban bayramı münasibəti ilə keçirilən brifinqdə deyib.
O bildirib ki, bu il də belə halların az müşahidə ediləcəyi gözlənilir:
"Bu il agentlik tərəfindən daşına bilən çadır tipli kəsim məntəqələrindən istifadə olunur. 10 belə məntəqə mövcuddur. 9 məntəqədə həm satış, həm də kəsim, birində isə yalnız kəsim olacaq".
Qalib Əbdüləliyevin sözlərinə görə, respublika üzrə gün ərzində təxminən 10 min xırdabuynuzlu heyvanın kəsimi, ümumilikdə isə 23 min heyvanın kəsilərək və ya diri halda satışının həyata keçirilməsi üçün şərait yaradılacaq.
Q.Əbdüləliyev qeyd edib ki, qurbanlıq heyvan kəsimi və satışının sağlam və rahat şəraitdə həyata keçirilməsi məqsədilə bu il Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 134 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq.
75 ünvanda kəsim və satış, 27 ünvanda yanlız satış, 32 ünvanda isə yanlız kəsim həyata keçiriləcək.