BAKI, 3 mart. TELEQRAF

Heyvan xəstəliklərindən azad zonalar Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının ərazilərini tam, Füzuli, Laçın və Xocavənd rayonlarının ərazilərini isə qismən əhatə edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, digər azad zona isə tam əhatə etməklə Naxçıvan Muxtar Respublikasının ərazisində yaradılacaq.

"Belə ki, zonaların yaradılması məsələsi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Ali Baş Qərargahında müzakirə edilib və təşkilat tərəfindən dəstəyin göstərilməsi ilə bağlı razılıq əldə olunub. Həmçinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və ÜHST-nin ekspertlərinin iştirakı ilə Şərqi Zəngəzur, Qarabağ iqtisadi rayonlarının ərazisində azad zonaların sərhədləri müəyyən edilib və xəritəsi hazırlanıb. Eləcə də azad zona regionlarında fəaliyyət göstərən heyvandarlıq obyektlərinin koordinatları müəyyənləşdirilib və heyvanların identikləşdirilməsinə başlanılıb".