BAKI, 3 mart. TELEQRAF
“Gələcəkdə təkcə bilik və bacarıqlar kifayət etməyəcək. Əsas olan yaradıcı və tənqidi təfəkkürdür. Böhran vəziyyətində işləmək, düzgün qərar vermək əsas bacarıqlardandır".
Teleqraf xəbər verir ki, bu sözləri “Sabahın alimləri” müsabiqəsinin açılış mərasimində elm və təhsil nazirinin müavini Firudin Qurbanov deyib.
"Bu gün dünyada əsas trend ondan ibarətdir ki, məzun iş axtaran deyil, iş yeri yaradan olmalıdır. O, gedib kiminsə qapısını döyməməli, özü iş yeri açmalıdır”, – nazir müavini qeyd edib.
Nazir müavini bildirib ki, “Sabahın alimləri” kimi layihələr şagirdlərin inkişafına xidmət edir.
"Bu layihə elm, yaradıcılıq və innovasiya ilə bağlıdır. Belə layihələrdə şagirdlərin iştirakı çox sevindiricidir".
O həmçinin bildirib ki, tədris proqramlarında süni intellektlə bağlı proqram və ixtisaslar yer alacaq.