BAKI, 27 fevral. TELEQRAF

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilməsi nəzərdə tutulan 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir təxirə salınıb.

Teleqraf-ın əldə etdiyi məlumata görə, tədbirin martın 5-də Bakıda keçirilməsi nəzərdə tutulsa da, qərar sonradan bir sıra səbəblərdən ləğv edilib.

Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu Teleqraf-a açıqlamasında martın 5-də keçirilməsi nəzərdə tutulan tədbirin təxirə salındığını təsdiq edib. Qurum rəsmisi bunun səbəbini Komitə sədri Bahar Muradovanın xaricə səfərləri, o cümlədən bir sıra mühüm qonaqların planları ilə əlaqələndirib. O, tədbirin başqa bir tarixdə keçiriləcəyini istisna etməyib.

Lakin əldə etdiyimiz məlumata görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təkcə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbiri yox, nəzərdə tutulan digər rəsmi tədbirləri də ixtisara düşüb.

Qeyd edək ki, bundan öncəki illərdə Komitənin sözügedən tədbiri 5-6 mart tarixlərində keçirilib.