BAKI, 6 fevral. TELEQRAF

Bu gün Binəqədi rayonunda yerləşən "İdrak" liseyində şagirdi tərəfindən güllələnən müəllim əməliyyat olunub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Bildirilib ki, 1997-ci il təvəllüdlü şəxs (qadın) üzərində boyun nahiyəsində yad cismin xaric edilməsi əməliyyatı uğurla icra olunub.

"Aparılmış diaqnostik radioloji müayinələrdən sonra boyun nahiyəsində çoxsaylı yad cisimlər aşkar olunub.

Xəstə dərhal cərrahi əməliyyata qəbul olunub, əməliyyat fəsadsız başa çatıb.

Hazırda pasiyentin müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Həyatı üçün təhlükə yoxdur", - məlumatda qeyd olunub.

***

11:11

Bu gün saat 09:10 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu İdrak liseyindən çağırış qeydə alınıb.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Təcili tibbi yardım briqadası tərəfindən 1997-ci il təvəllüdlü şəxs (qadın) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Odlu silahdan açılan atəşlə zədələnmə diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib, müvafiq laborator və instrumental müayinələr aparılıb.

Hazırda onun müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.

Qeyd edək ki, bu gün saat 09:00 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin 10-cu sinif şagirdi Ə.Ş. atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimi Şəhla Kamilovaya xəsarət yetirib. Şagird polis əməkdaşları tərəfindən saxlanılıb.