BAKI, 29 yanvar. TELEQRAF

“Kəndimizdən çıxandan bəri o yerləri həmişə yuxularımda görmüşəm. İşğaldan azad olunandan sonra ilk dəfədir ki, yurduma gedirəm. Bu, mənim üçün böyük xoşbəxtlikdir”.

Teleqraf xəbər verir ki, bunu Məmmədbəyliyə qayıdan keçmiş məcburi köçkün Sevil Quliyeva jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Məmmədbəylini tərk edəndə 24 yaşı olub:

“İndi 51 yaşım var. Mən riyaziyyat müəllimiyəm. İllər boyu şagirdlərimə doğma torpaqlarımızla bağlı xatirələrimi danışmışam. Həmişə arzumuz o idi ki, bir gün elimizə-obamıza qayıdaq. Bu gün artıq həmin gündür”.

Sevil Quliyeva bu xoşbəxtliyi onlara yaşadan Prezident İlham Əliyevə və qazilərə təşəkkür edib, torpaqlarımız uğrunda canlarından keçmiş şəhidlərə Allahdan rəhmət diləyib.