BAKI, 19 yanvar. TELEQRAF
2025-ci il ərzində ümumilikdə penitensiar müəssisələrdə cəzaçəkmədən azad edilmiş 480 nəfər qiymətləndirmə prosesinə cəlb edilib.
Teleqraf xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov 2025-ci ilin yekunlarına və qarşıda duran hədəflərə dair mətbuat konfransında deyib.
O bildirib ki, onlardan 73-ü ölkə başçısının əfv sərəncamı ilə azadlığa çıxan şəxslər olub.
"Azad edilmiş şəxslərdən 3 nəfər müvəqqəti olaraq Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzinə yerləşdirilib.
Ötən il ərzində Agentliyin əməkdaşları tərəfindən Penitensiar Xidmətin 22 cəzaçəkmə müəssisəsində və 3 istintaq təcridxanasında 388 nəfər anket sorğusu vasitəsilə qiymətləndirilib. Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisədə 25 nəfər yeniyetmə ilə sosial-psixoloji adaptasiya işi aparılıb", - o əlavə edib.
Həmçinin şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və cəzasının çəkilməsi təxirə salınmış 373 nəfər də qiymətləndirmə prosesinə cəlb edilib.
O bildirib ki, onlardan 11-i ölkə başçısının əfv sərəncamı ilə cəza çəkməkdən azad edilən şəxslər olub.
"Qiymətləndirilmə nəticəsində 65 nəfərə sosial-hüquqi yardım göstərilib. Bu kateqoriyadan olan şəxslərdən 4 yeniyetmə sosial adaptasiyaları və peşə sahibi olmaları məqsədilə Agentliyin müvafiq müəssisəsində kurslara cəlb ediliblər. Artıq onlardan 3-ü kursu müvəffəqiyyətlə yekunlaşdıraraq sertifikatlarla təmin edilib. 1 yeniyetmənin peşə kursu davam edir", - sədr əlavə edib.