BAKI, 8 yanvar. TELEQRAF

Ötən il işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 842,3 min manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyi müəyyən edilib.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidməti məlumat yayıb.

Bildirilib ki, görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib. Bu vəsaitin 94 faizi əməkhaqlarından, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub.

Müraciətlərin araşdırılması zamanı 89 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyi də müəyyən edilib.

Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.