BAKI, 23 dekabr. TELEQRAF

"Şimali Kipr valideynlərin rəqəmsal bacarıqlarının artırılmasına çalışır. Bu uşaqların rəqəmsal mühitdə müdafiəsi üçün ən vacib addımlardan biri hesab olunur".

Teleqraf xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin əmək və sosial müdafiə naziri Oğuzhan Hasipoğlu “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda deyib.

O bildirib ki, konfransın sonunda imzalanacaq rəqəmsal mühitdə uşaqların qorunması bağlı birgə bəyanat bu sahədə əməkdaşlığa xidmət edəcək.

"Hesab edirik ki, texnologiya uşaqların inkişafına xidmət etməlidir, onların istismarına deyil. Qeyri-hökumət təşkilatları, uşaq influenserləri, dövlət qurumları və beynəlxalq qurumlarla əməkdaşlıq sayəsində atılan addımlar rəqəmsal mühitdə uşaqların müdafiəsində mühüm rol oynaya bilər", - o əlavə edib.

Qətər Dövlətinin sosial inkişaf və ailə nazirliyinin ailə məsələləri üzrə köməkçi katibi Şaika bint Jassim Al Tani qeyd edib ki, rəqəmsal mühit uşaqlara fayda verməklə yanaşı, onların şəxsiyyətinin formalaşmasına mənfi təsir də göstərə bilər.

"Qətər dövləti uşaqların internetdə təhlükəsizliyini qorumağı əsas məsuliyyət hesab edir. Bunun üçün də bir çox tədbirlər görülür", - o əlavə edib.