BAKI, 11 dekabr. TELEQRAF
Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının yenilənmiş layihə üzrə əsaslı təmir-bərpa işləri davam edir.
Bu barədə Teleqraf-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, yenidənqurma işləri gimnaziyanın tədris və yaradıcılıq mühitinin daha da yaxşılaşdırılması məqsədlərinə xidmət edir:
"Layihələndirmədə aparılan təkmilləşdirmə işləri ilə əlaqədar prosesdə qısamüddətli ləngimə baş verib. Buna baxmayaraq növbəti tədris ilinə qədər təmir-bərpa işlərinin yekunlaşdırılması və gimnaziyanın istifadəyə verilməsi nəzərdə tutulur",- məlumatda vurğulanıb.
Qeyd edək ki, bu gün bir qrup valideyn bir müddət öncə təmirə bağlanan İncəsənət Gimnaziyasının qarşısında toplaşıb. Onlar təmir prosesinin gecikməsinə etiraz ediblər.