BAKI, 22 noyabr. TELEQRAF

“Mən yanğın baş verən binanın 12-ci mərtəbəsində yaşayıram. Saat 7-8 arası dostum gəlməli idi. Həmin vaxt qapını döydü və dedi ki, sizin bina tüstülənir. Gördüm, qonşular aşağı düşür. Əslində çıxmasaq, daha yaxşı olardı, amma biz də aşağı düşməyə başladıq. Qaranlıq idi, dostum və bir neçə qonşu ilə ağzımıza yaş dəsmal tutaraq 5-ci mərtəbəyə qədər enə bildik”.

Bu sözləri Teleqraf-a bina sakini , hərbi jurnalist Heydər Mirzə deyib.

O bildirib ki, tüstü çox güclü idi. Pəncərəni sındırıb nəfəs almağa çalışıblar: “Gördük, artıq geri qayıtmalıyıq. Kimsə yerə yıxılmışdı, amma qaranlıq və tüstüdən kim olduğunu görə bilmirdik. Evə qayıtdıq, elə bildim dostum ölüb. Sonra o da içəri girdi, dedi ki, sürünə-sürünə gəlmişəm.

Biz evə dönüb yaş dəsmallarla qapını izolyasiya etdik. Hətta krantdan belə tüstü gəlirdi. Daha sonra polis və fövqəladənin əməkdaşları gəldilər, sağ olsunlar, bizi müşayiətlə mənzildən çıxartdılar".

Heydər Mirzə bildirib ki, o, özü alovu görməyib: "Amma hənir var idi. Hiss olunurdi ki, haradasa alov var. Sonradan dedilər ki, alov binanın zirzəmisində olub. Mənə elə gəlir ki, bir ay əvvəl açılmış elektrik doldurma stansiyasının generatoru binanın zirzəmisinə yerləşdirilib. Orada hibrid avtomobillər üçün enerji doldurulurdu. Üç gün əvvəl də oradan yanıq iyi gəlirdi. Biz elektrik işçisini göndərmişdik ki, baxsın. Amma onu döymüşdülər.

Hazırda bu məsələ ilə bağlı məhkəmə prosesimiz var. Qarajın bir hissəsini həmin iş adamı özəlləşdirib, onunla təhlükəsizliklə bağlı ciddi mübahisəmiz olmuşdu. Restoranın səs-küyü, orada danışılan tərbiyəsiz sözlər binadan eşidilirdi”.