ZƏNGİLAN, 6 noyabr. TELEQRAF

"2020-ci ildə təməli qoyulan Horadiz-Ağbənd dəmir yol xəttinin tikinti-quraşdırma işləri 3 mərhələ üzrə yerinə yetirilir".

Teleqraf-ın Zəngilana ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Dəmir Yolları (ADY) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Tikinti layihələrinin idarə olunması departamentinin tikinti meneceri Cavad Əlövsətov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, birinci mərhələ Horadiz, Yuxarı Mərcanlı, Şükürbəyli, Sultanlı mənzillərini əhatə edir.

Onun sözlərinə görə, işlərin birinci mərhələsinin böyük hissəsi artıq tamamlanıb:

"Hazırda dəmir yol vasitəsilə Araz İqtisadi Zona Sənaye Parkına yüklərin daşınması həyata keçirilir. İkinci mərhələ Soltanlı, Qumlax, Həkəri, Mincivan stansiyalarını əhatə edir. Bu mərhələ üzrə torpaq işləri və mühəndis qurğularının tikintisi sürətlə davam edir".

O qeyd edib ki, Horadiz-Ağbənd dəmir yol xəttinin ox üzrə uzunluğu 110,4 km, yan yollarla birlikdə isə 140,6 km-dir. Layihə çərçivəsində 40 ədəd körpü, 9 stansiya, 22 avtomobil keçidi, 4 tunel, 3 qalereya və ümumilikdə 600-ə yaxın mühəndis qurğularının tikintisi həyata keçirilir.