BAKI, 30 oktyabr. TELEQRAF

"Son zamanlar dərman vasitələrinin istehsalı və çeşidinin artırılması istiqamətində mühüm işlər görülür. Ümid edirəm ki, gələcək dövrlərdə Azərbaycanda istehsal olunan dərman və tibbi avadanlıqların sayı daha da artacaq".

Teleqraf xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Rasim İsmayılov 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi - "Medinex"in rəsmi açılış mərasimində deyib.

Onun sözlərinə görə, COVİD-19 pandemiyası dərman və tibbi avadanlıqların nə qədər vacib olduğunu bir daha göstərdi. O bildirib ki, həmin dövrdə yaşanan çətinliklər hər bir ölkənin bu sahədə inkişaf etməsinin zəruriliyini bir daha vurğuladı.

"Ölkəmizdə müasir səhiyyə infrastrukturu yaradılır, tibb müəssisələri ən son texnoloji avadanlıqlarla təchiz olunur və maddi-texniki baza gücləndirilir. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əhalinin sağlamlığının qorunmasına göstərdikləri xüsusi diqqət və qayğının nəticəsidir.

"Medinex" sərgisi səhiyyə sahəsində yeni əməkdaşlıqlar üçün mühüm platformadır. Səhiyyə Nazirliyi olaraq hesab edirik ki, "Medinex" sərgisi səhiyyə mütəxəssislərinin yeniliklərlə tanışlığı, mövcud tərəfdaşlıqların inkişafı, yeni əməkdaşlıqların qurulması baxımından mühüm platformadır və bu tədbir milli səhiyyə sisteminin innovativ inkişafına töhfə verir”, - o əlavə edib.