BAKI, 23 oktyabr. TELEQRAF

Bu ilin əvvəlindən 22 oktyabr tarixinədək olan dövr ərzində respublika üzrə 4652 heyvan kəsimi və ət satışı mağazasında monitorinq keçirilib.

Bu barədə Teleqraf-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində Agentlik aidiyyəti dövlət orqanları ilə birlikdə ardıcıl monitorinqlər, yoxlama-nəzarət tədbirlərini davam etdirir.

Tədbirlər çərçivəsində monitorinq zamanı 698 heyvan kəsimi və ət satışı mağazası ilə bağlı inzibati tədbir görülüb, 65-də isə qanunsuz heyvan kəsimi ilə əlaqədar quraşdırılmış qurğular (11-i təkrar quraşdırılmış qurğulardır) sökülüb.

Bundan başqa, 1244 halda ətlərin soyuducuda (453-də soyuducu yoxdur) saxlanılmadığı, 1277 halda isə ətlərin baytarlıq sənədi olmadan satışının həyata keçirildiyi müəyyən edilib ki, bununla bağlı icrası məcburi göstərişlər verilib.