BAKI, 21 oktyabr. TELEQRAF
Azərbaycan dünyada nəqliyyat infrastrukturundakı tıxac səviyyəsinə görə 89 ölkə arasında 27-ci yerdə qərarlaşıb.
Teleqraf xəbər verir ki, bu barədə dünyanın müxtəlif şəhərlərində həyat keyfiyyəti və təhlükəsizliklə bağlı məlumatlar dərc edən “Numbeo” resursunun hazırladığı qlobal trafik indeksi reytinqindən məlum olur.
Reytinqə əsasən, Azərbaycanın göstəricisi 162,2 bal olub. Bu rəqəm nə qədər yüksəkdirsə, həmin ölkədə nəqliyyat sıxlığı və əlçatanlıq bir o qədər zəif qiymətləndirilir.
Məlumata görə, Azərbaycanda orta səyahət vaxtı 40,2 dəqiqə təşkil edir. Nəqliyyat sisteminin səmərəlilik indeksi isə 196,5 olub ki, bu da ictimai nəqliyyatdan daha çox şəxsi avtomobillərə üstünlük verildiyini və insanların işə gedərkən və qayıdarkən yollarda çox vaxt sərf etdiyini göstərir.
Region ölkələri arasında Gürcüstan 53-cü, Ermənistan isə 71-ci yerdə qərarlaşıb. Türkiyə 12-ci, Rusiya isə 19-cu yeri tutub.