BAKI, 17 oktyabr. TELEQRAF

"Zəngilanda kiçik hidroelektrik stansiyalar üçün “Archimedes screw” texnologiyası tətbiq olunur. Bu texnologiya biomüxtəlifliyə uyğun, davamlı və enerjinin ən təmiz yollarından biridir. Bu təcrübə Cənubi Qafqazda və digər yerlərdə genişləndirilə bilər”.

Teleqraf xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatı Ətraf Mühit Proqramının regional koordinatoru Mahir Əliyev Üçüncü Milli Şəhərsalma Forumunda (NUFA3) çıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycanın böyük bir ərazini- bir neçə kiçik Avropa dövlətinə bərabər olan torpaqları – yenidən qurmaq və bərpa etmək kimi qarşısında duran iş böyük bir təşəbbüsdür.

"Dünyada yaşıl ağıllı texnologiyalar adətən artıq mövcud olan şəhər və yaşayış yerlərində tətbiq olunur. Bu yerlər adətən sənaye baxımından inkişaf etmiş ölkələrdir və mövcud infrastruktur üzərində texnoloji inkişaf tədbirləri həyata keçirirlər. Hazırda dünyada bir çox yerlər sıfırdan inkişaf, yeni müasir yaşayış yerlərinin yaradılmasına möhtacdır, amma maliyyə və siyasi iradə çatışmır. Burada isə hökumətdən gələn siyasi iradə, cəmiyyətdə davranış dəyişimi və texnoloji həllər mövcuddur. Bu, davamlı şəhər və kənd modellərinin yaradılması və onları digər ehtiyaclı yerlərdə tətbiq etmə imkanı yaradır".

Mahir Əliyev həmçinin qeyd edib ki, Bakı və ətrafında mövcud olan qum təpələri zamanla parklarla əvəz olunur.

"Bu gözəl görünsə də təbii bitki növləri və insanların davranış vərdişləri qorunmur və beləliklə ekosistem pozulur. Şəhərsalmada düzgün planlaşdırma və mövcud olan mühit üçün ən yaxşı həllin seçilməsi çox önəmlidir.

Bakı şəhərində çoxlu beton, polad və şüşə binalar var. Amma bunlar düzgün istifadə olunarsa, damlar istirahət, kiçik kənd təsərrüfatı və karbon tutma üçün yaşıllıq sahələrinə çevrilə bilər. Divarlar və balkonlar da ümumi landşaftın bir hissəsi ola bilər".