XANKƏNDİ, 15 oktyabr. TELEQRAF
"Şuşa mədəni irs baxımdan dünya səviyyəsində bir nümunədir. Şəhərin qərb hissəsi daha yüksək, şərq hissəsi isə aşağıda yerləşir - bu, bizim planlaşdırma çərçivəmiz idi".
Teleqraf-ın Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə “Chapman Taylor” şirkətinin İdarə heyətinin direktoru Marselina Zielinska Üçüncü Milli Şəhərsalma Forumunda (NUFA3) çıxışı zamanı deyib.
O qeyd edib ki, Şuşada əsas məqsəd bütün tarixi obyektləri müəyyənləşdirmək, qorumaq və onlarla işləmək idi:
“Tarixi irsin böyük hissəsi şəhərin şərq hissəsində cəmləşdiyindən, bu ərazi daha çox bərpa və mühafizə yönümlü şəkildə planlaşdırıldı. Qərb hissəsində isə yeni rayonlar, yollar və müasir tikililər inşa edildi - yəni bu hissə gələcək iqtisadi inkişafın mühərrikinə çevrildi, şərq hissə isə şəhərin tarixi simasının qorunmasına həsr olundu.
İrslə bağlı görüləcək işlər çoxdur və bu, hər zaman müzakirə mövzusudur. Məsələn, abidə ilə bağlı həmişə seçim qarşısında qalırıq: onu tam şəkildə qoruyub muzey kimi saxlayaq, yoxsa müəyyən dərəcədə bərpa edib istifadəyə qaytaraq? Roma Kolizeyi buna nümunədir - o, istifadəyə açıq deyil, lakin dəyişdirilmədən qorunur və sadəcə tarixi dəyəri üçün saxlanılır”.
O əlavə edib ki, Şuşada bəzi divarların abidə kimi qorunmasına qərar verilib:
"Bu, illər ərzində çoxsaylı beynəlxalq və milli ekspertlərin iştirak etdiyi, geniş müzakirələr nəticəsində verilmiş, diqqətlə düşünülmüş qərar idi”.