BAKI, 13 oktyabr. TELEQRAF

Azərbaycanlı tədqiqatçılar 29 sentyabr-8 oktyabr tarixlərində Böyük Qafqazın cənub yamacının şərq hissəsi və ona bitişik ərazilərdə (Şamaxı-İsmayıllı rayonları üzrə) ekspedisiyada olublar.

Bu barədə Teleqraf-a Coğrafiya İnstitutundan məlumat verilib.

Bildirilib ki, ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev və “Geoinformatika və Kartoqrafiya” şöbəsinin kiçik elmi işçisi Nazim Gəraylının həyata keçirdiyi tədqiqatın əsas məqsədi regionda ekocoğrafi şəraitin öyrənilməsi, vibrasiya və səs-küylə çirklənmə, hava keyfiyyətinə təsir edən amillərin qiymətləndirilməsi, həmçinin ekoloji risklərin xəritələşdirilməsi olub.

Əldə edilən nəticələr əsasında Böyük Qafqazın cənub yamacında yerləşən yaşayış məntəqələrinin ekoloji dayanıqlığı və ətraf mühitə təsir amilləri üzrə məlumat bazasının formalaşdırılması nəzərdə tutulur.

Tədqiqatın nəticələri yaxın aylarda elmi hesabat şəklində təqdim olunacaq.