BAKI, 11 oktyabr. TELEQRAF

Otman Bozdağ Palçıq Vulkanında baş vermiş püskürmənin aktivliyi dayanıb.

Teleqraf xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğuna daxil olan Otman Bozdağ Palçıq Vulkanında baş vermiş püskürmənin aktivliyi hazırda dayanıb.

Qeyd edək ki, vulkan püskürməsi 11 oktyabr tarixində saat 08:27-də baş verib. Hadisə güclü alovlanma ilə müşayiət olunub. İlkin hesablamalara görə, yer səthinə çıxan brekçiyanın yayıldığı ərazi təxminən 4 hektar, orta qalınlığı 1,5 metr, həcmi isə təxminən 60 min kubmetr təşkil edir.

Püskürmə sahəsi boyunca konsentrik çatlar müşahidə olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun əməkdaşları ərazidə birgə monitorinqləri davam etdirirlər.

Xatırladaq ki, aktiv palçıq vulkanlarından hesab edilən Otman Bozdağ Palçıq Vulkanında son püskürmə 2018-ci il 23 sentyabr tarixində qeydə alınıb.

***

14:06

Bu gün Qaradağ rayonunda yerləşən Otman Bozdağ palçıq vulkanında püskürmə qeydə alınıb. Üç fazada qeydə alınan püskürmənin birinci fazası yerli vaxtla saat 08:27-də başlayıb və 08:37-ə qədər 10 dəqiqə davam edib.

Bu barədə Teleqraf-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, ikinci faza püskürmə yerli vaxtla saat 08:39-da başlayıb və 08:51-ə qədər 12 dəqiqə davam edib.

"Üçüncü faza püskürmə yerli vaxtla saat 09:02-də başlayıb və 09:06-ə qədər 4 dəqiqə davam edib.

Püskürmənin dərinliyi 4 kilometr, ümumi ayrılan enerji 2.19*10^7 coul olub.

Vulkan püskürməsi AMEA nəzdində RSXM-nin palçıq vulkanları ətrafında quraşdırılmış seysmik stansiyaları tərəfindən qeydə alınıb", - məlumatda qeyd olunub.

***

10:19

Fövqəladə Hallar Nazirliyinə Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi istiqamətində palçıq vulkanının püskürməsi barədə daxil olmuş məlumat əsasında Nazirliyin Aviasiya dəstəsinin helikopteri vasitəsilə əraziyə baxış keçirilib.

FHN-dən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, baxış zamanı ərazidə alov müşahidə edilməyib, həmçinin ətraf yaşayış məntəqələri üçün hər hansı təhlükənin olmadığı müəyyən edilib.

Məsələ ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən müvafiq işlər görülür.

***

10:19

Bu gün saat 08:27-də Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinin yüksək dağlıq ərazisində yerləşən palçıq vulkanında püskürmə hadisəsi qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Teleqraf-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda nazirliyin mütəxəssisləri tərəfindən püskürmə və onun nəticələri öyrənilir, ərazidə müvafiq müşahidələr aparılır.