BAKI, 7 oktyabr. TELEQRAF
“Düşbərə” və “Basqal” kafelərində çöl quşlarının baytar nəzarəti olmadan saxlanıldığı aşkarlanıb.
Bu barədə Teleqraf-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bildirilib ki, monitorinq çərçivəsində Lənkəranın Şiləvar kəndində fəaliyyət göstərən, Hənifəyev İlqar Əliəhəd oğluna məxsus “Düşbərə” kafesində və Cəlilabadın Qurtuluş küçəsindəki Əliyev Məhəmməd Həmzə oğluna məxsus “Basqal” kafesində çöl quşlarının baytar nəzarəti olmadan qapalı məkanda saxlanıldığı aşkarlanıb.
"Sahibkarlıq subyektlərinə quşların xüsusi mühafizə olunan təbiət ərazilərinə və ya heyvan rifahı tələblərinə cavab verən heyvan parklarına təhvil verilməsi, saxlandığı yerlərdə təmizlənmə, dezinfeksiya və digər baytarlıq-sanitariya tədbirlərinin görülməsi ilə bağlı tapşırıqlar verilib. Tapşırıqlara əməl olunmayacağı təqdirdə qanunvericiliyə uyğun zəruri tədbirlər görüləcəyi bildirilib.
Qeyd edək ki, vəhşi heyvan və quşların ictimai iaşə müəssisələrində və ailəvi istirahət məkanlarında saxlanılması və nümayiş etdirilməsi qanunla qadağandır", - məlumatda qeyd edilib.