BAKI, 17 sentyabr. TELEQRAF

Sukanal idarələri tərəfindən payız-qış mövsümünə hazırlıq məqsədilə yağış və tullantı su xətlərinin profilaktik yuyulması, baxış quyuları və yağış barmaqlıqlarının təmizlənməsi üzrə qabaqcadan hazırlanmış tədbirlər planına uyğun işlər görülür.

Bu barədə Teleqraf-a Bakı Şəhəri İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, Bakı Sukanal İdarəsinin balansında olan iri kollektorların yuyulması, yağlanması və tənzimlənməsi davam etdirilir. Mövsümlə əlaqədar yağıntılar zamanı isə həmin qurğular əvvəlcədən təsdiqlənmiş rejimə uyğunlaşdırılacaq.

"Yağışlar zamanı fəsadların qarşısını almaq üçün qabaqlayıcı tədbirlər də gücləndirilib. Belə ki, riskli ərazilərdə (“qırmızı nöqtələrdə”) briqadalar toplanır, kanalizasiya nasos stansiyalarının fəaliyyəti, yağış sularının təxliyyəsi üçün nəzərdə tutulmuş xəttlərin idarə olunması ciddi nəzarətdə saxlanılır.

Həmçinin vurğulanıb ki, cari ildə paytaxt ərazisində mühüm infrastruktur işləri də həyata keçirilib.

Şəhərin bir neçə nöqtəsində yağış sularının təxliyyəsi üçün nəzərdə tutulmuş xətlər salınıb, bəzi ərazilərdə isə bu istiqamətdə işlərə başlanılıb. Leysan xarakterli yağışların yağması zamanı suların kənarlaşdırılması məqsədi ilə bir necə istiqamətdə yeni kollektorların salınması işləri, bəzi yerlərdə isə bu işlərin başlanılmasına hazırlıq aparılır".