XOCALI, 17 sentyabr. TELEQRAF

Xocalıya təşkil edilən ənənəvi mediatur başa çatıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Jurnalistlər Prezidentin izi ilə Xocalıya təşkil edilən səfər çərçivəsində sonuncu ünvanda - rayonunun Badara kəndində olublar.

Badara kəndi haqqında jurnalistlərə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı məlumat verib. Bildirib ki, kənddə sosialyönümlü bir sıra layihələr icra olunub.

Mövcud elektrik və qaz xətləri bərpa olunub, transformator quraşdırılıb, sayğaclaşdırma işləri görülüb, yeni qaz xətti çəkilib, rabitə xətləri üçün dirəklər basdırılıb, kabelin çəkilişi davam etdirilir. Badarada park və bayraq meydanı yaradılıb, yollara asfalt döşənib.

Kənd ərazisində ümumilikdə 313 fərdi ev var ki, onlardan da 55-i yararsız, 258-i isə qismən yararlıdır. Artıq 15 fərdi ev bərpa olunub. Cari ilin sonunadək 115, gələn il isə 128 evin bərpası planlaşdırılır. Artıq 14 ailə (55 nəfər) kəndə köçüb.

Bununla da Xocalıya təşkil edilən media tur başa çatıb.

Qeyd esək ki, Silahlı Qüvvələrimizin 2023-cü ilin sentyabrında həyata keçirdikləri antiterror əməliyyatı zamanı Azərbaycanın nəzarətinə keçən kəndlərdən biri də Badaradır.

***

13:35

Media nümayəndələri Xocalıya təşkil edilən Prezidentin izi ilə mediaturu zamanı rayonun Daşbulaq kəndində olublar.

Teleqraf-ın Qarabağ Bürosunun xəbərinə görə, tur zamanı jurnalistlərə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı kənddə görülən işlərlə bağlı məlumat verib.

O bildirib ki, kənddə uzunluğu 20 kilometr olan mövcud elektrik, həmçinin qaz xətləri, su anbarı və subartezian quyusu bərpa olunub, transformator quraşdırılıb, sayğaclaşdırma işlərinə başlanılıb.

Eyni zamanda, 8 kilometrə yaxın qaz xətti çəkilib, içməli su şəbəkəsi yenidən qurulub, rabitə xətlərinin layihəsi təsdiqlənib, artıq tikinti işlərinə hazırlıq gedir. Kənddə sosial və məişət obyektləri istifadəyə verilib, park, bayraq meydanı salınıb, kənddaxili yollara asfalt vurulub.

A.Telmanqızının sözlərinə görə, Daşbulaqda 195 ev var. Onlardan 39-u yararsız, 156-sı isə qismən yararlıdır. Artıq 15 ev bərpa edilib. Bu ilin sonunadək 58, gələn il isə 83 ev hazır olacaq.

İndiyədək kəndə 14 ailə (72 nəfər) köçüb.

Qeyd edək ki, bu kənd Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü ilin sentyabrında həyata keçirdikləri antiterror əməliyyatı zamanı Azərbaycanın nəzarətinə keçib. Bundan sonra kəndin sosial infrastrukturunun qurulması işləri icra olunub.

***

12:18

Jurnalistlər Prezidentin izi ilə təşkil edilən media-tur çərçivəsində Xocalı rayonunun Seyidbəyli kəndində olub.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Seyidbəyli kəndində olan jurnalistlərə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı məlumat verərək bildirib ki, kəndin sosial infrastrukturunun qurulmasına başlanılıb.

Belə ki, 30 kilometr uzunluğunda mövcud elektrik xətti bərpa olunub, 2 ədəd transformator quraşdırılaraq, sayğaclaşdırma işlərinə start verilib. Magistral qaz xətləri çəkilib, 5,7 kilometr uzunluğunda mövcud qaz xətti, həmçinin su anbarı, subartezian quyusu bərpa edilib, içməli su şəbəkəsi yenidən qurulub. Kənddə bayraq meydanı salınıb, kənddaxili yollar asfaltlanıb.

Həmçinin A.Telmanqızı bildirib ki, Seyidbəyli kəndində 140 ev var ki, onlardan da 22-si yararsız, 118-i isə qismən yararlıdır. Artıq 10 ev bərpa edilib. Bu ilin sonunadək 44, 2026-cı ildə isə daha 64 ev istismara hazır olacaq. İndiyədək kəndə 9 ailə (31 nəfər) köçüb.

Qeyd edək ki, Seyidbəyli kəndi 2023-cü ilin sentyabrında Silahlı Qüvvələrimizin həyata keçirdiyi antiterror əməliyyatı zamanı Azərbaycanın nəzarətinə keçib.